Daşlar-5
Susaq səsimizi…
Qulaq asaq səssizliyə…
Gəl gedək daşların ölkəsinə!
Bilirəm, düşmərik
Daşlar tanrısının gözündən …!
Sonra daş olmaq arzısıyla,
Öpüşərik,
Dua edərik…!
Bilirəm, yumuşaqdır
Daşlar tanrısının ürəyi!
Əsirgəməz,
Daş olmağı bizdən!
Yerinə yetirər dualarımızı…!
Sevişərkən daş olarıq…!
Bir-birinə yapışar
Dodaqlarımız
Bilirəm, yaraşar
Daş olmaq bizə!
Yaraşarıq bir-birimizə
Günlər keçər…
Aylar sovuşar…
Fəsillər gələr…
Çiynimizə qonar quşlar …
Bitər ayağımızın altından çiçəklər…
Əsər küləklər…
Oturar üstümüzdə toz-torpaq
Pəlmələr tutular,
Buludların ürəyi dolar…
Yağar yağış…
Yuyunarıq…
Yenə də fəsillər gələr
Yağar qar,
Soyuq düşər,
Şaxta çökər.
Sallanar üz-gözümüzdən buzlar …
Buz köynəyini geysək də,
Üşümərik.
Keçər İllər …
Uçar Başımızın üstündən,
Köçəri quşlar.
Dincələr kölgəmizdə doşanlar.
Heç kim bilməz,
Daş olmaq sirrimizi…!
Sən daş ilahəsi olarsan,
Mən isə
Qucağında daş olarkən,
Milyonlar il yaşayaram…
Nə ətimizi,
Qurt-quşlar yeyər,
Nə sümüyümüz çürüyər.
Milyonlar il öpüşərik…
Milyonlar il qucaqlaşıb,
Sevişərik…
Bizi sındırsalar,
Bizi zərə-zərrə etsələr də,
Qorxma daş ilahəm!
Səninlə olacaq zərrələrim …
داش اولماق آرزيسييلا
سوساق سسيميزي…
قولاق آساق سسسيزلييه…
گل گئدک داشلارين اؤلکهسينه!
بيليرم، دوشمهريک
داشلار تانريسينين گؤزوندن …!
سونرا داش اولماق آرزيسييلا،
اؤپوشهريک،
دوعا ائدهريک…!
بيليرم، يوموشاقدير
داشلار تانريسينين اورهيي!
اسيرگهمز،
داش اولماغي بيزدن!
يئرينه يئتيرر دوعالاريميزي…!
سئويشرکن داش اولاريق…!
بير-بيرينه ياپيشار
دوداقلاريميز.
بيليرم، ياراشار
داش اولماق بيزه!
ياراشاريق بير- بيريميزه
گونلر کئچر…
آيلار سوووشار…
فصيللر گلر…
چيينيميزه قونار قوشلار …
بيتر آياغيميزين آلتيندان چيچکلر…
اسر کولکلر…
اوتورار اوستوموزده توز- تورپاق
پلمهلر توتولار،
بولودلارين اوهيي دولار…
ياغار ياغيش…
يويوناريق…
يئنه ده فصيللر گلر
ياغار قار،
سويوق دوشر،
شاختا چؤکر.
ساللانار اوز-گؤزوموزدن بوزلار…
بوز کؤينهييني گئيسک ده،
اوشومهريک.
کئچر ايللر …
اوچار باشيميزين اوستوندن ،
کؤچري قوشلار.
دينجهلر کؤلگهميزده دوشانلار.
هئچ کيم بيلمز،
داش اولماق سيرريميزي…!
سن داش ايلاههسي اولارسان،
من ايسه
قوجاغيندا داش اولارکن،
ميليونلار ايل ياشايارام…
نه اتيميزي،
قورت-قوشلار يئير،
نه سومويوموز چوروير.
ميليونلار ايل اؤپوشهريک…
ميليونلار ايل قوجاقلاشيب،
سئويشهريک…
بيزي سينديرسالار،
بيزي ذره-ذره ائتسهلر ده،
قورخما داش ايلاهم!
ذرهلريم سنينله اولاجاق…
Daş olmaq arzısıyla